Сəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası mövzusunda tədbir keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin hüquqları, sosial adaptasiyası və reinteqrasiyası, onların işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili, peşə təhsili üzrə mövcud imkanlar, bu sahədə maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”-nın 8.5.1 (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması, müvafiq tədbirlərin (sərgilərin və s.) təşkili), 8.5.2 (Cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsi və aidiyyəti orqanların (qurumların) nümayəndələrinin, sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin iştirakı ilə görüşlərin təşkil edilməsi) və 8.5.3-cü (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi) bəndlərinin icrasını təmin etmək məqsədi ilə təşkil olunmuşdur.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini-sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Murad Səfərov, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının Tərtər Məşğulluq şöbəsinin müdiri Ağamoğlan İsmayılov, RİH başçısı Aparatının əməkdaşları, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və rayon ərazisində fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak etmişlər.
Görüşün əsas məqsədi cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına uğurlu inteqrasiyası ilə bağlı müsbət təcrübələrin işıqlandırılması və cəmiyyətdə mövcud olan yanlış fikirlərin aradan qaldırılmasına töhfə vermək olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun müvafiq maddələrinə əsasən cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər siyahısına daxil olduğu və özünüməşğulluğun təşkili zamanı cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verildiyinin qeyd edildiyi tədbir iştirakçılarına izah edilmişdir. Mövzu ətrafında fikir mübadiləsi aparılan zaman məşğulluq mərkəzləri vasitəsilə boş iş yerləri barədə məlumatların verilməsi, peşəyönümü xidmətlərinin göstərilməsi, əmək yarmarkalarının təşkili və işəgötürənlərlə əlaqələrin qurulması istiqamətində işlərin aparılması tövsiyə edilmişdir.
Həmçinin cəzaçəkmə müəssisəsindən azad edilmiş, işlə təmin edilmiş şəxslərin uğurlu iş təcrübəsinin sosial şəbəkə və internet platformalarında işıqlandırılmasının, bu sahədə işəgötürənlərin müsbət təcrübələri ilə bağlı məlumatların paylaşılmasının müsbət irəliləyişlərə səbəb olacağı barədə fikirlər səsləndirilmiş, belə görüşlərin və sosial xarakterli paylaşımların cəmiyyətdə maarifləndirmənin artırılmasına, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin əmək bazarında daha fəal iştirakına töhfə verdiyi xüsusi olaraq vurğulanmışdır.
Tədbirdə dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, sahibkarların və ictimaiyyət nümayəndələrinin birgə səyləri nəticəsində bu istiqamətdə daha böyük uğurlar əldə olunacağı əminliklə vurğulanmışdır.
Əlavə olaraq, Tərtər rayonu üzrə 2025-ci il ərzində 16 nəfər və 2026-cı ilin ilk altı ayı ərzində 8 nəfər cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxs Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının Tərtər Məşğulluq şöbəsi tərəfindən özünüməşğulluq proqramına cəlb edilmişdir.






