Şəhid Qəhramanlı Yaqub Abdulla oğlunun qırx mərasimi keçirilib
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələrinin üzvləri, qazilər veteranlar, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib, xatirəsinə hörmət əlaməti olaraq məzarı önünə gül dəstələri düzüblər, şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər salınıb, xatirələri ehtiramla anılıb.
Qeyd olunub ki, şəhid Yaqub Qəhrəmanlı Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. “Yaşat” Fondunun xətti ilə uzun müddət “İstanbul Medicana Hospitalında”, “İstanbul Cərrahiyə xəstəxanası”nda və Dövlət Təhlükəsizliyi Xidmətinin “Hərbi Tibbi Hospital”ında müalicə almasına baxmayaraq onu həyatda saxlamaq mümkün olmayıb. Yaqub Qəhrəmanlı 29.05.2022-ci il tarixdə şəhadətə qovuşub.
Yaqub Qəhrəmanlı 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Yaqub Qəhrəmanlının 2 yaşlı bir oğlu yadigar qalıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik!