Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mirzəli Rəşad Hafiz Oğlunun ad günü qeyd olundu

26 may 2023 | 17:55

May ayının 26-da Vətən Müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun doğulub boya-başa çatdığı Tərtər rayonunun  Hacıqərvənd kəndində ad günü qeyd olunub. Tədbirdə şəhidin ailə üzvləri ilə birlikdə rayon icra hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin, rayon Mədəniyyət Mərkəzinin nümayəndələri, şəhid ailələri, qazi və veteranlar, rayon içtimaiyyətinin nümayəndələri və Tərtər Cümə Məscidinin imamı iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhidin  xatirəsinə hörmət əlaməti olaraq onun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Sonra Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub.

Şəhidin məzarı önündə rayon icra hakimiyyəti başçısı aparatında İçtimai-siyas və humanitar məsələlər şöbəsinin müdirinin müavini Zabil Paşayev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov, Bərdə Regional  Mədəniyyət İdarəsinin Tərtər Rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə  çıxış edərək şəhidin qısa, lakin hər kəsə örnək olan ömür yolundan danışıblar.

Qeyd olunub ki, Mirzəli Rəşad Hafiz oğlu 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət zamanı Azərbaycan Ordusunun sülhməramlı qüvvələrinin sırasında ölkəmizdə 6 ay qulluq edib. Sonra isə digər əsgər yoldaşları ilə birlikdə könüllü olaraq xidmətini Əfqanıstanda davam etdirib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşəkkürnamə ilə təltif edilib, həmçinin Prezident ona gümüş saat hədiyyə edib. Hərbi qulluq müddətini başa vurduqdan sonra Azərbaycana qayıdan Rəşad Mirzəli Azərbaycan Silahlı Qüvvələrinin sırasında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Müqaviləsi başa çatdıqdan sonra Mingəçevir Şəhər İdman və Turizm Kollecinə daxil olub. Təhsilini davam etdirərkən sənədlərini Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Gizir Hazırlığı Kursuna təqdim edib. Kursu bitirdikdən sonra isə Goranboyda yerləşən “N” saylı hərbi hissədə gizir kimi fəaliyyətə başlayıb. Nümunəvi, intizamlı olduğu üçün onu tağım komandirinin müavini təyin edirlər.

Vətən müharibəsinin ilk günlərindən döyüş meydanına atılan Rəşad Mirzəli və onun döyüş yoldaşları Murov yüksəkliyi, Tərtərin Talış kəndi istiqamətində uğurlu hərbi əməliyyatlar keçirib. Sonrakı istiqamət Tərtər rayonunun Suqovuşan kəndi olub. 25 yaşlı gizir Rəşad Mirzəli oktyabrın 1-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 2-də Hacıqərvənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 Mirzəli Rəşad Hafiz oğlunun adı əbədiləşdirilərək oxuduğu məktəbdə  adına sinif otağı verilib, kəndin mərkəzində adına bulaq tikilib.

Şəhidin anası Afidə Mirzəyeva   tədbir iştirakçıları ilə oğlu ilə bağlı xatirələrini bölüşüb. Rəşadın 5 yaşında olarkən israrla məktəbə getdiyindən, nümunəvi şagird olduğundan, sinif yoldaşları və müəllimlərinin sevimlisinə çevrildiyindən danışıb: “Çox şən və mehriban olması, şirin zarafatları onun hər kəsin qəlbinə yol tapmasına səbəb olmuşdu. Rəşad qorxmaz, vətənpərvər və mərd oğul idi, Vətəni üçün canından keçməyə hər zaman hazır idi. Bizim başımızı hər zaman uca elədi. O, şəhidlik zirvəsinə ucaldı”.

Tədbirdə şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Allah bütün  şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin!

Keçidlər