Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elnur Abbaslının övladı birinci sinfə yola salınıb

15 sentyabr 2023 | 15:04

Rayonun Köçərli kəndindən olan  44 günlük Vətən müharibəsi şəhidi Abbaslı Elnur Yaşar oğlunun övladı balaca Hüseyn bu il birinci sinfə gedir. Bu münasibət ilə  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  Milli Məclisin deputatı Sahib Alıyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov və rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla birlikdə şəhidin ailəsini ziyarət   edib, onların qayğıları ilə maraqlanıb, şəhid övladına məktəbli çantası və məktəbli forması hədiyyə edib, onu məktəbə  ilk dəfə qədəm basması münasibəti ilə ürəkdən təbrik edib, ən xoş arzularını bildiriblər.

Şəhidin ailə üzvləri  qonaqlarla  Elnur Abbaslı haqqında xatirələni bölüşüblər. Qeyd olunub ki, Abbaslı Elnur Yaşar oğlu 1992-ci il iyun  ayının 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.

Azərbaycan ordusunun kiçik  cavuşu olan Elnur Abbaslı 2020-ci ilin oktyabr ayının 7-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, özündən sonra 2 övladı yadigar qalıb. Respublika Prezidentinin Sərəncamı ilə  ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Rayon rəhbəri torpaqlarımızın Elnur kimi igid oğullar sayəsində işğaldan azad olunduğunu, onun övladlarının xalqımıza bir əmanət olduğunu, şəhid övladına diqqət və qayğı göstərilməsinin hər birimizin borcu olduğunu vurğulayıb, respublika prezidenti cənab İlham Əliyevin bu istiqamətdə fəaliyyətinin hər kəsə bir nümunə olduğunu bildirib.

Millət vəkili Sahib Alıyev dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını dilə gətirib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər