Şəhid ailələri övladları ilə birlikdə “Bilimdən Zəfərə” layihəsində iştirak ediblər
Mingəçevir şəhərində “YAŞAT” Fondunun, “ASAN xidmət”in, "İnnovasiyalar Mərkəzi"nin, “Bilim Bakı” mərkəzinin birgə təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və "ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə “Bilimdən Zəfərə” layihəsi baş tutub.
Layihə Mingəçevir, Tərtər, Ağdaş, Bərdə, Goranboy, Göyçay, Kürdəmir, Ucar, Yevlax rayonundan olan 6-14 yaş aralığındakı 70-ə yaxın şəhid övladını əhatə edib.
Tərtər rayonundan olan 8 şəhid ailəsi və övladları rayon icra hakimyyəti tərəfində ayrılmış xüsusi avtobus ilə Mingəcevir şəhərinə yola salınıb. Onların qarşılanma mərasimi Mingəçevir şəhərində “Asan Xidmət” Mərkəzində qarşısında keçirilib.
İştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırıb, “Bilim şou” nümayiş etdirilib.
Məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaqdır. Eləcə də onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdəndir.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Ekskursiyadan razılıq edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.