Şəhid Adil Məmmədov adına Xoruzlu kənd tam orta məktəbində 8 noyabr-Zəfər günü münasibəti ilə tədbir keçirilib
Tədbir iştirakcıları əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Əvvəlcə məktəbin direktoru Elşən Səfərov 44 günlük Vətən müharibəsində rayonumuzun infrastrukturuna dəymiş ziyandan, tərtərlilərin Vətən müharibəsində nümayiş etdidikləri dözüm və dəyanətdən, qazanılan möhtəşəm qələbədən, Vətən yolunda canlarından keçən şəhidlərdən, sağlamlıqlarını itirmiş qazilərdən, müharibə veteranlarından danışıb, bu möhtəşəm qələbəni bizə yaşadan Ali Baş Komandana olan xalq məhəbbətini dilə gətirib. Qeyd olunub ki, ata vəsiyyətini yerinə yetirən respublika prezidenti ilə hər bir azərbaycanlı vətəndaş qürur duyur.
Məktəbin direktoru məktəbdə sinif otaqlarına həmyerliləri Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, Vətən müharibəsi şəhidi Elnur Hüseynovun, məktəbin 9 sinif şagirdi mülki şəhid Orxan İsmayılzadənin adı verildiyini, onlar üçün yaradılmış guşələrə foto şəkillərinin qoyulduğunu, gənclər üçün onların qısa, lakin mənalı həyat yolunun örnək olduğunu bildirib.
Tədbirdə məktəbin hərbi rəhbəri Yaşar Hüseynov, şəhid Seymur Muradovun bacısı Zülfiyyə Muradova, şəhid Adil Məmmədovun bacısı Nailə Məmmədova çıxış edərək öz xatirələrini bölüşüblər.
Sonra məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib, səhnəciklər, ədəbi-bədii kompozisiyalar göstəriblər.
Tədbirin sonunda Vətən müharibəsi şəhidi Elnur Hüseynovun qızı 2-ci sinif şagirdi Qəmər Hüseynovaya tərifnamə təqdim olunub.