“Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirmə tədbiri keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birlikdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərxalça” ASC-nin Tərtər filialında maarifləndirmə tədbiri keçirib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad ediblər.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev çıxış edərək bildirib ki, Azərbaycanın şəhərsalma və memarlıq tarixində keyfiyyətcə yeni mərhələ Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərin hakimiyyəti dövründə şəhərsalma ilk dəfə olaraq ayrıca sahə kimi deyil, dövlət quruculuğunun tərkib hissəsi kimi dəyərləndirilirdi. Tarixi şəhərlərin qorunması, memarlıq abidələrinin bərpası və yeni şəhərsalma layihələrinin milli ənənələrə uyğun həyata keçirilməsi məqsədilə mühüm qərarlar qəbul edildi. Heydər Əliyevin yanaşmasının əsas fərqi ondan ibarət idi ki, şəhər mühiti yalnız cari ehtiyacların deyil, gələcək nəsillərin maraqlarının daşıyıcısı kimi nəzərdən keçirilirdi. Məhz bu illərdə memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən mexanizmlər yaradıldı, normativ-hüquqi baza möhkəmləndirildi, tarixi irsin qorunması dövlət siyasətinin əsasına çevrildi. Bu strategiya sonrakı dövrlər üçün möhkəm ideoloji və idarəetmə təməli formalaşdırdı.
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan şəhərlərinin memarlıq simasında yeni məzmun diqqət çəkirdi. Bu mərhələdə inşa olunan monumental komplekslər ölkənin siyasi müstəqilliyini, iqtisadi potensialını və mədəni ambisiyalarını ifadə edən simvollara çevrildi. Bu proses təkcə Bakını deyil, regionları da əhatə etdi. Şəhərlərin planlı inkişafı, infrastrukturun yenilənməsi və yaşayış mühitinin yaxşılaşdırılması ölkənin sosial-iqtisadi strategiyasının ayrılmaz hissəsinə çevrildi. Beləliklə, şəhərsalma və memarlıq fəaliyyəti sosial rifahın yüksəldilməsi ilə birbaşa əlaqələndirildi. Ulu Öndərin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbul edilməsi bölgələrimizin simasını tamamilə modernləşdirib.
Tədbirdə YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, emalatxana müdiri Səma Əkbərli, ”Tərəqqi” medallı xalçaçı Xaliqə Həsənova və usta Vəfa Haqverdiyeva çıxış ediblər. Çıxışlarda “Şəhərsalma və Memarlıq İli”nin ölkəmizdə bu sahənin inkişafına yeni impuls verdiyi, şəhərlərin daha müasir, rahat və dayanıqlı yaşayış məkanlarına çevrilməsinə mühüm imkanlar yaratdığı vurğulanıb.






