“Şəhərsalma və Memarlıq İli -2026” “Azərbaycanın milli memarlığının inkişafında Ümummilli lider Heydər Əliyevin rolu”
Tərtər Rayon İcra Hakimiyyəti və Tərtər Peşə Məktəbinin təşkilatçılığı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin “Tədbirlər Planı”na əsasən “Azərbaycanın milli memarlığının inkişafında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda məktəbdə tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri, məktəbin müəllim və ustaları, tələbələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı “Azərbaycanın milli memarlığının inkişafında Ümummilli lider Heydər Əliyevin rolu” barədə məruzə edib, ökəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətindən, təsdiq olunmuş tədbirlər planının müvafiq bəndlərinin icrası ilə bağlı qarşıda duran vəzifələrdən, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər ərzində Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələsindən, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə bu sahədə aparılan geniş islahatlar və irimiqyaslı layihələrin həyata keçirilməsindən danışıb.
Sonra YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, məktəbin direktoru Əli Babayev, müəllimlərdən Tacirə İlyasova, ustalardan Ofeliya Əkbərova, Cəmalə Səmədova və Knyaz Kərimov çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə milli memarlıq ənənələrinin qorunması, şəhərsalma siyasətinin formalaşdırılması və müasir urbanizasiya proseslərinin inkişaf etdirilməsi sahəsində misilsiz xidmətlərindən bəhs edilib. Bildirilib ki, Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanın şəhərsalma siyasətində sistemli islahatlara başlanıb, şəhərlərin baş planlarının hazırlanması və yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Tarixi-memarlıq abidələrinin qorunması, milli memarlıq üslubunun inkişafı və müasir tikinti mədəniyyətinin formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bildirilib ki, Ulu Öndərin əsasını qoyduğu memarlıq və şəhərsalma strategiyası bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.






