Sarov kəndində şəhid Şirinli Nurlan Qədir oğlunun xatirəsinə inşa edilmiş abidənin açılışı olub
Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Ağsaqqallar Şurasının sədiri Faiq Məmmədov, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət və KİV nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhidin qısa, lakin şərəfli və örnək olan həyat yolundan, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə başa çatan, tarixə Zəfər gününü yazan qələbənin tarixi əhəmiyyətindən danışıb. Vurğulanıb ki, şərəfli döyüş yolu keçən Nurlan 1996-cı ilin oktyabr ayının 16-da Tərtər rayonunun Sarov kəndində anadan olub.
Müharibə zamanı mexanik sürücü kimi hərbi xidmətini yerinə yetirib. Talış-Suqovuşan istiqamətində döyüş yolu keçib. İgid hərbçi oktyabrın 7-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Nurlan və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq.
Bildirib ki, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Şirinli Nurlan ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Rayon rəhbəri çıxışında vurğulayıb ki, Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Tədbirdə çıxış edən şəhidin anası Esmira Şirinova, şəhid Aysənan Abbaslının anası Rəna Abbasova, Sarov kənd tam orta məktəbinin direktoru Rüfət İsmayılov, kənd ziyalısı Ədalət Məmmədov, Vətən Müharibəsi qazisi Təhmuraz Muradov 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, tarix yazan Ordumuzdan, dövlət sərhəddində Ermənistan tərəfindən törədilən təxribatlardan, düşmənə verilən layiqli cavabdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.
Sonda məktəblilər tərəfindən vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.
Tədbidən sonra rayon rəhbəri şəhidin yaşadığı evə gedərək adına açılmış ehsan süfrəsində iştirak edib, şəhid ailələri ilə səmimi söhbət edərək onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.