Sarov kənd tam orta məktəbində “Vətən mənə oğul desə...44 günlük zəfər tariximiz şagirdlərimizin gözü ilə” layihəsi çərçivəsində inşa müsabiqəsi keçirilib
Noyabırın 14-də “Tariximizə sahib çıxaq” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən mənə oğul desə...44 günlük zəfər tariximiz şagirdlərimizin gözü ilə” layihəsi çərçivəsində Tərtər rayon, R. Kərimov adına Sarov kənd tam orta məktəbinin 8-9-10-cu sinif şagirdləri arasında inşa müsabiqəsi keçirilib.
Əvvəlcə təşkilatın nümayəndələri tərəfindən sinif otağında olan şagirdlərə layihə haqqında məlumat verilib, sonra şagirdləri inşanın mövzusu və şərtləri ilə tanış etdilər.
Şagirdlər tərəfindən yazılan inşalar orta məktəbin müəllimləri və təşkilatın ekspertləri tərəfindən yoxlanıb qiymətləndirildikdən sonra tədbir məktəbin akt zalında davam etdirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Sarov kənd tam orta məktəinin direktoru Rüfət İsmayılov, Sarov kəndindən olan şəhid Şirinli Nurlan Qədir oğlunun anası Esmira Şirinova, AMEA Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh, tarixçi Vəfa Şamilova, Sarov kəndinin qaziləri Kürdoğlu Abbaslı, Təhmuraz Muradov və Vətən müharibəsi iştirakcısı Şirinov Kamil, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə iştirakçılar tərəfindən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbacan Respublikasının Dövlət Himni oxunub.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rüfət İsmayılov belə tədbirlərin əhəmiyyətindən danışaraq, istər müəllimlərin, istərsə də şagirdlərin fəallığından çox razı qaldığını bildirdi. Sonra isə iştirakçıları məktəb şagirdləri tərəfindən hazırlanan proqrama baxmağa dəvət etdi.
Məktəblilər 44 günlük zəfər tarixini, şəhidləri, qazilərin qəhrəmanlığını tərənnüm edən şeirlər söylədilər.
Təşkilatın sədri Araz Şamilov çıxış edərək layihə haqqında iştirakçılara geniş məlumat verib, belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirəcəyini bildirib.
Şəhid anası Esmira Şirinova çıxış edərək oğlunun cəbhədə göstərdiyi qəhrəmanlıqdan, əsgərlərimizin bir-birinə olan sədaqətindən danışıb. Bildirib ki, bu gün ən böyük təsəllisi dövlətin, xalqın şəhidlərə olan ehtiramı, hörmətidir.
Sonda tədbirin əhəmiyyətinə toxunan Tərtər Rayon İcra Hakimiətinin əməkdaşı Rəqsanə Məmmədli müəllimləri belə tədbirlərin tez-tez keçirilməsinə çağırdı. Qeyd etdi ki, “Məhz belə tədbirlər uşaqlarda milli kimlik, vətənpərvərlik hissini gücləndirir. Bu mənada hər birimizin üzərinə böyük məsuliyət düşür. Vətənimiz üçün canından keçən heç bir şəhid, qazi unudulmamalıdır”.
Tədbirin sonunda təşkilatın sədri A.Şamilov inşa müsabiqəsinin qalibləri I yer üzrə Səbinə Hüsenovanı, II yer üzrə Səid Salmanovu, Sahibə Hüsenlini, III yer üzrə Rəvan İsmayılzadəni, Günel Həsənlini, Nurtac Hümmətlini təbrik edərək, mükafatlar təqdim etdi.
Qaliblərə mükafatlar verildikdən sonra inşa müsabiqəsində iştirak edən bütün iştirakçılara diplom təqdim edildi. Eyni zamanda tədbirdə iştirak edən şəhid anasına və qazilərə də təşkilat tərəfindən diplomlar təqdim edildi. Məktəbin direktoru Rüfət İsmayılova isə fəal ictimai aktivliyinə görə təşkilat tərəfindən təşəkkürnamə verildi.