"Şahin" hərbi-idman oyununun Qarabağ regionu üzrə zona birinciliyi keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq 20 may 2026-cı il tarixində Tərtər Olimpiya İdman Kompleksində "Şahin" hərbi-idman oyunu üzrə zona birinciliyi keçirilib.
Yarışın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Türkan Kərimli, Qarabağ Regional Gənclər və İdman İdarəsinin, FHN-nin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Təhsil idarəsinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin və N saylı hərbi hissənin nümayəndələri iştirak etmişdir.
Tədbirin rəsmi hissəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Türkan Kərimli, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Qarabağ Regional Təhsil İdarəsinin Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev çıxış edərək "Şahin" hərbi-idman oyunlarının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyətini, ordu sıralarında xidmətə hazırlıqda bu yarışın böyük təsiri olduğunu qeyd edərək yarışın iştirakçılarına uğurlar arzulamışdılar.
Zona mərhələsində Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Şuşa, Füzuli, Xocalı rayonlarının komandaları iştirak etmişdir.
Yarışın yekun protokoluna əsasən Tərtər rayon Azad Qaraqoyunlu kənd tam orta məktəbin komandası I yerin qalibi olmuşdur.
Qeyd edək ki, zona mərhələsində qalib olan komanda “Gənclər paytaxtı” Goranboy rayonunda təşkil olunacaq “Şahin” hərbi-idman oyununun respublika mərhələsində iştirak edəcəkdir.






