"Sağlam həyat" səyyar layihəsi Tərtərdə
Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat” avtomobilində gətirilən müxtəlif idman növlərinə aid avadanlıqlar və vasitələr şəhərin Mərkəzi Meydanında qurulub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin baş məsləhətçisi Əliniyaz Mirzəyev, məsul şəxslər, ictimaiyyət nümayəndələri və ümumilikdə 250 nəfərədək yeniyetmə və gənc iştirak edib.
"Sağlam həyat" səyyar layihəsi çərçivəsində keçirilən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb. İdman həvəskarları, xüsusən də yeniyetmə və gənclər, eləcə də uşaqlar layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər.
Layihə çərçivəsində öz yaş qrupları üzrə müxtəlif idman normativlərinin öhdəsindən layiqincə gələn idman həvəskarları müvafiq sertifikatlarla təltif olunublar.
Layihənin əsas məqsədi sağlam həyat tərzini təbliğ etməkdir.