Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin Yuxarı Qaradağlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

15 dekabr 2022 | 12:59

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qaraağacı kənd İƏD üzrə nümayəndəliyinin Yuxarı Qaradağlı kəndində keçirilib.

Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.

Bildirilib ki, Yuxarı Qaradağlı kəndinin 475 hektar ərazisi, 194 təsərrüfatı, 1026 nəfər əhalisi var. Ərazidə, 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 2 ticarət obyekti, 2 iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

Sakinlər 432 baş iribuynuzlu, 686 baş xırdabuynuzlu heyvan, 2650 baş quş, 61 yeşik arı ailəsi saxlayırlar.

Yuxarı Qaradağlı kəndində son üç ildə 13 ədəd subartezian quyusunun nasosları təmir olunub, Qapanlı kənd tam orta məktəbi əsaslı təmir olunub, kənd ərazisində 130 ədəd çəkil və digər ağac növləri əkilib, əkin sahələrinə gedən su arxları 3.6 km məsafədə lildən təmizlənib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Rayon rəhbəri sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən Əyyub Əhmədov özünün və oğlunun işlə təmin olunması, Nuru Yusibov su arxının daşaraq evinə ziyanlıq vurması, Vüsal Məmmədov və Gülxar Məmmədova fərdi yaşayış evlərinə  içməli su xəttinin çəkilməsi və sayğacların quraşdırılması, Lalə Həsənova evinin dam örtüyünün təmirinə köməklik olunması, Ərşad Ağayev kəndarası yolların təmir olunması və digər məsələlər  ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər