Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin Xoruzlu kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

11 mart 2024 | 12:09

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Xoruzlu kəndində keçirilib.

Qəbulda hüquq-mühafizə orqanlarının əməkdaşları, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri qəbulda bildirib ki, Azərbaycan daha bir tarixi hadisəyə imza atdı. Xalqımızın bayram əhval-ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. 7 fevral seçkiləri sıradan bir seçki prosesi deyildi. Müstəqillik tariximizdə ilk dəfə olaraq suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə vətəndaşlar növbəti 7 il üçün dövlət rəhbərini seçirdilər. Bu baxımdan növbədənkənar prezident seçkiləri 44 günlük Zəfər savaşının və uğurlu antiterror tədbirlərinin xalq iradəsi ilə təsdiqlənəcək möhürü oldu və bu səbəbdən 7 fevral seçkiləri Zəfər seçkisi kimi tarixə yazıldı. Bu seçkilərin tariximizdə analoqu olmayan hadisə sayılmasının daha bir özəlliyi isə qalib Xalq-qalib Lider tandemi idi.

Müasir dünya siyasi düzənində ən inkişaf etmiş, hətta super güc sayılan dövlətlərdə belə vətəndaşların seçkiyə marağında aktivlik və lidersizlik problemi yaşanır.

7 fevral seçkilərində Azərbaycan seçicisinin öz iradəsini böyük fəallıq və coşqu ilə ifadə etməsi, mütləq əksəriyyətlə Qalib Liderə səs verməsi dünya üçün müqayisəsi olmayan nümunə oldu.  Əslində, xalqımızın seçimi dünya üçün də öncədən bəlli idi və rəsmi nəticələrdə seçkidən əvvəl keçirilən rəy sorğuları təsdiqini tapdı. 200 illik tariximizi şərəfləndirərək Vətəni bütövləşdirən xalqın mütləq qəhrəmanına çevrilmiş cənab İlham Əliyev 92,5 faiz - böyük səs çoxluğu ilə qalib gəldi.

Bütün beynəlxalq və yerli müşahidəçilərin, həmçinin, digər namizədlərin rəylərində əks olunduğu kimi tam ədalətli, şəffaf şəkildə keçirilən seçkilər dünya demokratiyası üçün də bir örnək oldu. 

Rayon rəhbəri  fevralın 14-də Milli Məclisdə keçirilən  respublika prezidentinin andiçmə mərasimindən, onun andiçmə mərasimində Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı hazırkı durum və gələcək illərdə ölkənin tutacağı xətt ilə bağlı  söylədiyi geniş nitqdən  danışıb.

“Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir”, prezident növbəti illərin əsas prioritetləri kimi bunları qeyd etdiyini vurğulayıb.

7 fevral prezident seçkilərinin nəticələri xalqımızın qalib liderinə olan sevgisinin təzahürü ilə bərabər, həm də gələcəyə inam mesajı oldu. Bu gələcək bu gündən bizə böyük və qüdrətli Azərbaycanı göstərir. Ölkəmizin problemlərini, milli dərdlərini həll edərək Azərbaycanı həmin hədəflərə aparan ümumxalq rəhbərinə sevgi əbədidir. 

İlham Əliyevin 20 illik fəaliyyəti onu göstərdi  ki, O, təkcə ölkəmizdə sevilmir. Dünyanın dörd tərəfində yaşayan soydaşlarımızın da vahid namizədi, alternativi olmayan lideridir. Xarici ölkələrdə səsvermədən sonra ictimaiyyətin gözü qarşısında açılan sandıqlar bunun bir daha sübutudur!  

44 günlük Vətən müharibəsində və 23 saat 43 dəqiqə çəkən antiterror tədbirlərində olduğu kimi 7 fevral seçkilərində qazanan Azərbaycan oldu.

İcra başçısı Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib.

Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Xoruzlu kəndinin 1065 hektar ərazisi, 344 təsərrüfatı, 1831 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 körpələr evi uşaq bağçası,1 mədəniyyət evi, 1 tibb məntəqəsi,  6 ticarət oyekti, 6 iaşə obyekti, 1 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

Sakinlər 687 baş iribuynuzlu, 1210 baş xırdabuynuzlu heyvan, 5610 baş quş, 8 arı ailəsi saxlayırlar.

Son üç ildə Xoruzlu kəndində 3 km məsafədə kəndarası yollar təmir edilib, kəndə gələn yüksək gərginlikli elektrik xətləri təmir olunub, su arxları 6 km lildən təmizlənib, kənd ərazisində 2800 ədəd çəkil və 350 müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

İcra başçısı sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən Fədai Musayev kəndin içməli su ilə təmin olunması, kəndə gələn su arxlarının təmizlənməsi, Zaur Qasımov ünvanlı sosial yardım alınmasına köməklik və digər məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər