Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin Təzəkənd kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

12 oktyabr 2023 | 12:45

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Qaradağlı kənd inzibati ərazi dairəsinin Təzəkənd kəndində keçirilib.

Qəbulda YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri qəbulda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışıb, lokal xarakterli antiterror tədbirlərinin  2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəaların təmin etdiyini, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını aldığını, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarıldığını, onların hərbi infrastrukturunun zərərsizləşdirildiyini, mina terroruna son qoyulmasını və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa etdiyini bildirib.

Qəbulda icra başçısı lokal xarakterli antiterror əməliyyatlarından sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  Azərbaycan xalqına müraciətindən də danışıb. Rayon rəhbəri  respublika prezidentinin xalqa  müraciətindən bəzi məqamları diqqətə çatdırıb: “Vəhşi kimi gəlib başqasının torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir.

Biz isə artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik!”

Rayon rəhbəri Qarabağdakı separatçıların keçmiş prezidentlərinin artıq saxlanılaraq Bakıya gətirildiyini, onların illərdir törətdikləri cinayət əməllərinə qanun qarşısında cavab verəcəklərini vurğulayıb.

İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.

Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Təzəkənd kəndinin 396 hektar ərazisi, 218 təsərrüfatı, 914 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 4 ticarət obyekti, 2 məişət, 2 iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

Sakinlər 595 baş iribuynuzlu, 99 baş xırdabuynuzlu heyvan, 2833 baş quş, 113 arı ailəsi saxlayırlar.

Son üç ildə Təzəkənd kəndinində kəndarası yollar 800 m cari təmir olunub, su arxları 8000 m məsafədə lildən təmizlənib, kənd ərazisində 600 ədəd müxtəlif növ ağac əkilib,  yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

İcra başçısı sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən Rəşid Məmmədov subartezian quyusunun təmiri, Elxan Abbasov içməli su bulaqların sayının artırılması və digər məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər