Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin Qapanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

09 fevral 2024 | 17:54

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Qapanlı kəndində keçirilib.

Qəbulda YAP rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri qəbulda bildirib ki, Azərbaycan daha bir tarixi hadisəyə imza atdı. Xalqımızın bayram əhval - ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. 7 fevral seçkiləri sıradan bir seçki prosesi deyildi. Müstəqillik tariximizdə ilk dəfə olaraq suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə vətəndaşlar növbəti 7 il üçün dövlət rəhbərini seçirdilər. Bu baxımdan növbədənkənar prezident seçkiləri 44 günlük Zəfər savaşının və uğurlu antiterror tədbirlərinin xalq iradəsi ilə təsdiqlənəcək möhürü oldu və bu səbəbdən 7 fevral seçkiləri Zəfər seçkisi kimi tarixə yazıldı. Bu seçkilərin tariximizdə analoqu olmayan hadisə sayılmasının daha bir özəlliyi isə qalib Xalq-qalib Lider tandemi idi.

Müasir dünya siyasi düzənində ən inkişaf etmiş, hətta super güc sayılan dövlətlərdə belə vətəndaşların seçkiyə marağında aktivlik və lidersizlik problemi yaşanır.

7 fevral seçkilərində Azərbaycan seçicisinin öz iradəsini böyük fəallıq və coşqu ilə ifadə etməsi, mütləq əksəriyyətlə Qalib Liderə səs verməsi dünya üçün müqayisəsi olmayan nümunə oldu.  Əslində, xalqımızın seçimi dünya üçün də öncədən bəlli idi və rəsmi nəticələrdə seçkidən əvvəl keçirilən rəy sorğuları təsdiqini tapdı. 200 illik tariximizi şərəfləndirərək Vətəni bütövləşdirən xalqın mütləq qəhrəmanına çevrilmiş cənab İlham Əliyev 92,5 faiz - böyük səs çoxluğu ilə qalib gəldi.

Bütün beynəlxalq və yerli müşahidəçilərin, həmçinin, digər namizədlərin rəylərində əks olunduğu kimi tam ədalətli, şəffaf şəkildə keçirilən seçkilər dünya demokratiyası üçün də bir örnək oldu. 

7 fevral prezident seçkilərinin nəticələri xalqımızın qalib liderinə olan sevgisinin təzahürü ilə bərabər, həm də gələcəyə inam mesajı oldu. Bu gələcək bu gündən bizə böyük və qüdrətli Azərbaycanı göstərir. Ölkəmizin problemlərini, milli dərdlərini həll edərək Azərbaycanı həmin hədəflərə aparan ümumxalq rəhbərinə sevgi əbədidir. 

İlham Əliyevin 20 illik fəaliyyəti onu göstərdi  ki, O, təkcə ölkəmizdə sevilmir. Dünyanın dörd tərəfində yaşayan soydaşlarımızın da vahid namizədi, alternativi olmayan lideridir. Xarici ölkələrdə səsvermədən sonra ictimaiyyətin gözü qarşısında açılan sandıqlar bunun bir daha sübutudur!  

44 günlük Vətən müharibəsində və 23 saat 43 dəqiqə çəkən antiterror tədbirlərində olduğu kimi 7 fevral seçkilərində qazanan Azərbaycan oldu.

İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Qapanlı kəndinin 350 hektar ərazisi, 149 təsərrüfatı, 630 nəfər əhalisi var. Ərazidə 1 kitabxana, 1 tibb məntəqəsi, 1 poçt, 1 ticarət oyekti, 1 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

Sakinlər 378 baş iribuynuzlu, 456 baş xırdabuynuzlu heyvan, 2070 baş quş, 178 arı ailəsi saxlayırlar.

Son üç ildə Qapanlı kəndində kəndarası yollar təmir edilib, su arxları 23 km məsafədə lildən təmizlənib, kənd ərazisində müxtəlif növ ağaclar əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

İcra başçısı sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən Hüsaməddin Məmmədov kəndə internet xəttinin çəkilməsi, Daşqın Əliyev subartezian quyusunun təmiri, Əvəz Hüseynov pambıq sahəsinə sığorta pulunun ödənilməsi, Alidə Cəfərova məktəbin yaxınlığında olan asfalt yola sürət həddinin azaldılması üçün maneələrin quraşdırılması və digər məsələlər ilə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər