Rayon rəhbərinin növbəti səyyar-qəbul görüşü Səhlabad kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Səhlabad kəndində keçirilib.
Qəbulda YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Səhlabad kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Səhlabad kəndinin 587 hektar ərazisi, 537 təsərrüfatı, 2325 nəfər əhalisi var. Ərazidə 1 tam orta məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi,1 kitabxana, 9 ticarət obyekti, 8 iaşə obyekti, 14 məişət xidməti obyekti, 1 Poçt, 1 ATS faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 503 baş iribuynuzlu, 1565 baş xırdabuynuzlu heyvan, 5280 baş quş, 142 arı ailəsi saxlayırlar.
Son üç ildə Səhlabad kəndində su arxları 3000 metr məsafədə lildən təmizlənib, kənd ərazisində 450 ədəd müxtəlif növ ağac əkilib, kəndarası yollar 1700 metr məsafədə təmir olunub, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Vüsalə İsmayılova həyətyani torpaq sahəsində fərdi ev tikilməsinə icazənin verilməsi, Ziya Mahmudov elektirik naqillərinə toxunan ağacların budanması, qaz xətlərinin kənarlarının kol-kosdan təmizlənməsi və kəndin içərisindən keçən asfalt yolun kənarında olan suvarma arxının beton üzlüyə alınmasıilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






