Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü şəhərin Şıxəli Qurbanov küçəsində keçirilib

25 oktyabr 2023 | 13:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü şəhərin  Şıxəli Qurbanov, Nicat İsgəndərov, Mehdi Hüseynzadə və Ədalət Paşayev küçəsinin sakinləri üçün keçirilib.

Qəbulda YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədriləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, İƏD üzrə nümayəndə, bələdiyyə sədri və şəhər sakinləri iştirak ediblər.

Qəbuldan öncə şəhid Nicad İsgəndərovun adını daşıyan küçədə onun baralyefinin önünə gül dəstələri qoyulub, xatirəsini ehtiramla yad edilib.

Rayon rəhbəri qəbulda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışıb, lokal xarakterli antiterror tədbirlərinin  2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəaların təmin etdiyini, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını aldığını, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarıldığını, onların hərbi infrastrukturunun zərərsizləşdirildiyini, mina terroruna son qoyulmasını və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa etdiyini bildirib, respublika prezidentinin 20 illik fəaliyyəti dövründə respublikamızın tərəqqi və inkişafı həyata keçirdiyi qlobal layihələrdən, həmişə xalqının yanında olmasından, oktyabın 15-də terrorculardan təmizlənmiş ərazilərdə Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını dalğalandırmasından, Xankəndi şəhərinin mərkəzində etdiyi çıxışından, oktyabrın 17-də “Fizuli şəhəri günü”ndə Fizuli rayonunda sakinlərlərlə görüşündən danışıb və Ali Baş Komandanın Xankəndi şəhərindəki çıxışından bu sözləri xatırladıb: ”Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Rayon rəhbəri Qarabağdakı separatçıların keçmiş prezidentlərinin artıq saxlanılaraq Bakıya gətirildiyini, onların illərdir törətdikləri cinayət əməllərinə qanun qarşısında cavab verəcəklərini vurğulayıb.

Sonra icra başçısı ölkə rəhbərinin bölgələrə səfərindən, ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan  nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib.

İcra başçısı Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.

Sonra şəhərdə aparılan tikinti quruculuq abadlıq işləri haqqında sakinlərə məlumat verib.

Bildirilib ki, müharibədən dərhal sonra şəhərin müharibədən zərər çəkmiş küçələrinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 288 min kvadratmetr, rayon icra hakimiyyəti tərəfindən isə 77590 kvadratmetr asfalt örtüyü salınıb. Küçələrin istinad divarları müxtəlif  bəzək daşları və aqlaylarla üzlənib, əvvəlkindən  də gözəl olub.

Şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov, Şakir Həsənov və Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri başa çatıb. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınıb. Bununla yanaşı Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov, Süleyman Məmmədov küçələrində isə istinad divarları hörülüb hündürləşdirilib, divarlar aqlay və bəzək daşları ilə üzlənib. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınıb, təmizlik işləri aparılıb.

Küçələrlə yanaşı üzun İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına parkda da aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə tamet daşları və bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək   gül kolları və müxtəlif bəzək ağacları əkilib. M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub,  sakinlərin istirahəti üçün  söhbətgahlar təmir olunub, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın istinad divarları  aqlay daşları ilə üzlənib, mühəccərlər təmir olunaraq rənglənib, insanların istirahəti üçün şərait yaradılıb.

Şəhid adlarını daşıyan 10 küçənin girişinə onların baralyefi qoyulub, şəhid Vasif Hüseynovun adını daşıyan küçədə şəhidin xatirəsinə tikilmiş bulaq təmir olunub, ətirafında abadlıq işləri aparılıb, Nəriman Nərimanov və Nizami küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının həyətində iki ədəd söhbətgah quraşdırılıb. 2021-2022-ci illərdə isə Ədalət Paşayev, Vüqar Həsənov və Nizami küçələrində 7 ədəd söhbətgah quraşdırılmışdır.

Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov və Eldar Məmmədov küçələrində səkilərə asfalt döşənib.

Hazırda Füzuli Rüstəmov küçəsində  təmir-abadlıq işləri yekunlaşmaq üzrədir.

Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

İcra başçısı sonra sözü sakinlərə verib.

Sakinlərdən Mübariz Əhmədov bələdiyyədən icarəsinə torpaq sahəsinin ayrılması, Mayıl Allahverdiyev birinci qrup əlil olduğu üçün avtomobillə təmin olunması və digər məsələlər  ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya, şəhərdə aparılan təmir-tikinti işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər