Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin növbəti səyyar-qəbul görüşü Borsunlu kəndində keçirilib

15 yanvar 2026 | 14:42

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Borsunlu kənd İƏD üzrə nümayəndəliyin Borsunlu kəndində keçirilib.

Qəbulda YAP rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Borsunlu kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.

Qeyd olunub ki, Borsunlu kəndinin 3175 hektar ərazisi, 278 təsərrüfatı, 1236 nəfər əhalisi var. Ərazidə 1 tam orta məktəb, 1 kitabxana, 1 mədəniyyət evi, 1 tibb məntəqəsi, 4 ticarət obyekti, 3 iaşə obyekti və 7 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 875 baş iribuynuzlu, 4362 baş xırdabuynuzlu heyvan, 9474 baş quş və 101 arı ailəsi saxlayırlar.

Son üç ildə Borsunlu kəndində su arxları 1700 metr məsafədə lildən təmizlənərək, kənd ərazisinə 500 ədəd müxtəlif növ ağac əkilib və kəndarası yolların kənarları alaq otlarından və məişət tullantılarından  təmizlənib.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Vaqif Qədimov kənddə million aparatının quraşdırılması, Cəmilə Ağalarova subartezian quyusunun təmir olunması, Ələmdar Qasımov əkin sahəsinin suvarma suyu ilə təmin olunması, Malik Xəlilov təmir olunmuş subartezian quyusunun istfadəyə verilməsi, Niyaməddin Verdiyev Bələdiyyədən əkin üçün torpaq sahəsinin ayrılması və oğlunun işlə təmin olunması, Əhməd Albəndiyev elektrik xəttinə toxunan ağacların budanması və digər məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər