Rayon rəhbərinin növbəti səyyar-qəbul görüşü Bayandurlu kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Kəbirli kənd İƏD üzrə nümayəndəliyin Bayandurlu kəndində keçirilib.
Qəbulda YAP rayon təşkilatının sədri Eldar Əsədov, Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Bayandurlu kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Bayandurlu kəndinin 405 hektar ərazisi, 125 təsərrüfatı, 571 nəfər əhalisi var. Ərazidə 2 ticarət obyekti, 2 iaşə obyekti, 2 məişət xidmət obyekti və 5 subartezian quyusu fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 486 baş iribuynuzlu, 658 baş xırdabuynuzlu heyvan, 3764 baş quş, 4 arı ailəsi saxlayırlar.
Son üç ildə Bayandurlu kəndində su arxları 2000 metr məsafədə lildən təmizlənib, kəndarası yollarn kənarları alaq otlarından və zibillərdən təmizlənmişdir. Kənd ərazisinə 200 ədəd eldar şamı və 150 ədəd müxtəlif növ meyvə ağacları əkilmişdir.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Vəfa Bayramova işlə təmin olunması, Elnurə Orucova yeni tikilmiş evinə elektirik və qaz xəttinin çəkilməsi, Adil Nəsirzadə kəndə suyun normaya uyğun verilməsi, Ələkbər Həsənov kəndə gələn arxa suayrıcı qurğunun quraşdırılması ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






