Rayon rəhbərinin Mamırlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Mamırlı kəndində keçirilib.
Qəbulda YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Qəbuldan öncə rayon rəhbəri kənddə torpaqlarımızım ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub, Mamırlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub, məktəbdə Ümummilli Liderin 100 illik yubleyinə həsr olunmuş fotostendə baxıb. Sonra o, kənd sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, onlara sülh, əmin-amanlıq, bol ruzi arzulayıb.
Məktəbin həyətində icra başçısı Müstəqim Məmmədov şəhid ailəsi ilə birlikdə bayram tonqalını alovlandırıb.
Rayon rəhbəri qəbulda möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib.
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Mamırlı kəndinin 1097 hektar ərazisi, 386 təsərrüfatı, 1690 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 1 klub, 1 kitabxana, 10 ticarət, 6 iaşə və 4 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 890 baş iribuynuzlu, 793 baş xırdabuynuzlu heyvan, 7700 baş quş, 53 arı ailəsi saxlayırlar.
Mamırlı kəndində son üç ildə 4.2 km kəndarası yol cari təmir olunub, suvarma üçün 1 ədəd subartizan quyusu istifadəyə verilib, əkin sahələrinə gedən su arxları 4 km məsafədə lildən təmizlənib, kənd ərazisində 1300 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Kamil İsmayılov və Oruc Qocayev suvarma arxlarının təmizlənməsi, Ələmdar Hüseynov torpaq mübahisəsi, Almaz Babayeva evinin sənədləşməsinə köməklik olunması ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.