Rayon rəhbərinin Kəngərli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Kəngərli kəndində keçirilib.
Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub.
Rayon rəhbəri qəbulda möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, ölkə rəhbərinin Novruz bayramında Talış kəndinə səfərindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Rayon rəhbəri aprelin 23-də Azərbaycanın tarixində ən əlamətdar bir tarix kimi yaddaşlara həkk olunduğunu bildirib. Qeyd olunub ki, həmin tarixdə Azərbaycan tərəfindən Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin əraziləri üzərində süverenliyinin növbəti təsdiqidir. Bununla yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, rifahın-əminamanlığın təməlinin qoyulması istiqamətində mühüm addımdır.
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Kəngərli kəndinin 610 hektar ərazisi, 312 təsərrüfatı, 1541 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 körpələr evi-uşaq baxçası, 12 ticarət, 1 iaşə və 1 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 569 baş iribuynuzlu, 451 baş xırdabuynuzlu heyvan, 4645 baş quş, 135 arı ailəsi saxlayırlar.
Son üç ildə Kəngərli kəndində magistral və kəndarası yollara 153 ədəd şam və meyvə ağacları, 1500 ədəd çəkil tingi əkilib, məişət tullantılarının atılması üçün 2 ədəd iri həcmli quyu qazılıb, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Yazgül Məmmədova pay torpaq sahəsində olan mübahisə ilə bağlı müraciət edib.
Qaldırılan məsələ ilə bağlı rayon rəhbəri tərəfindən vətəndaşa müvafiq izahat verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.