Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin Güləbatlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

05 oktyabr 2023 | 11:40

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Buruc kənd inzibati ərazi dairəsinin Güləbatlı kəndində keçirilib.

Qəbulda YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri qəbulda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışıb, lokal xarakterli antiterror tədbirlərinin  2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəaların təmin etdiyini, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını aldığını, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarıldığını, onların hərbi infrastrukturunun zərərsizləşdirildiyini, mina terroruna son qoyulmasını və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa etdiyini bildirib.

Qəbulda icra başçısı lokal xarakterli antiterror əməliyyatlarından sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  Azərbaycan xalqına müraciətindən də danışıb. Rayon rəhbəri  respublika prezidentinin xalqa  müraciətindən bəzi məqamları diqqətə çatdırıb: “Vəhşi kimi gəlib başqasının torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir.

Biz isə artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik!”

Rayon rəhbəri Qarabağdakı separatçıların keçmiş prezidentlərinin artıq saxlanılaraq Bakıya gətirildiyini, onların illərdir törətdikləri cinayət əməllərinə qanun qarşısında cavab verəcəklərini vurğulayıb.

İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.

Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Güləbatlı kəndinin 245 hektar ərazisi, 98 təsərrüfatı, 412 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 mədəniyyət evi, 1 körpələr evi-uşaq bağçası,1 tibb məntəqəsi, 1 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

Sakinlər 468 baş iribuynuzlu, 320 baş xırdabuynuzlu heyvan, 2000 baş quş saxlayırlar.

Son üç ildə Güləbatlı kəndinində kəndarası yollar təmir olunub, su arxları 3500 m məsafədə lildən təmizlənib, kənd qəbristanlığına gedən yol 1000 m təmir edilib,  2 ədəd subartezian quyusu qazılaraq vətəndaşların istifadəsinə verilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

İcra başçısı sonra sözü sakinlərə verib.

Kənd sakini Kamil Həsənov kəndə yeni internet xəttinin çəkilməsi ilə bağlı müraciət edib.

Qaldırılan məsələ ilə bağlı vətəndaşa müvafiq izahat verilərək yaxın zamanda yeni internet xəttinin çəkiləcəyi bildirilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər