Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin Evoğlu kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

20 aprel 2023 | 14:47

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Evoğlu kəndində keçirilib.

Qəbulda YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub.

Rayon rəhbəri qəbulda möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, ölkə rəhbərinin Novruz bayramında Talış kəndinə səfərindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, aprelin 11-i ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərinə qarşı törətdiyi təxribatdan danışıb, Azərbaycan Ordusunun şəhid olan hərbiçilərinə rəhmət diləyib, yaralılara tezliklə öz sağlamlıqlarına qovuşmağı arzulayıb. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib.

Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, Evoğlu kəndinin 1588.8 hektar ərazisi, 553 təsərrüfatı, 2268 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 8 ticarət, 7 iaşə və 3 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

Sakinlər 1190 baş iribuynuzlu, 1250 baş xırdabuynuzlu heyvan, 8545 baş quş, 73 arı ailəsi  saxlayırlar.

Son üç ildə Evoğlu kəndindən keçən İsmayılbəyli-Kətəlparaq və Azad Qaraqoyunlu kəndlərarası avtomobil yolları asfaltlanıb, 4 km kənd arası və qəbiristanlıq yolu təmir edilib, əkin sahələrinə gedən su arxları 2.5 km məsafədə lildən təmizlənib, kənd ərazisində 100 ədəd şam, 50 ədəd xan çinarı ağacları əkilib,  yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

İcra başçısı sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən Nəzifə Dadaşova işlə və heyvandarlıq aktivləri ilə təmin olunma, Nurlan Məhərrəmov internet xətlərinin təmiri, İsrafil Hacıyev içməli suyun limitinin artırılması ilə bağlı müraciət ediblər. 

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər