Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin Ələsgərli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

02 noyabr 2023 | 10:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Ələsgərli kəndində keçirilib.

Qəbulda YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri qəbulda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışıb, lokal xarakterli antiterror tədbirlərinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəaların təmin etdiyini, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını aldığını, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarıldığını, onların hərbi infrastrukturunun zərərsizləşdirildiyini, mina terroruna son qoyulmasını və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa etdiyini bildirib, respublika prezidentinin 20 illik fəaliyyəti dövründə respublikamızın tərəqqi və inkişafı həyata keçirdiyi qlobal layihələrdən, həmişə xalqının yanında olmasından, oktyabın 15-də terrorculardan təmizlənmiş ərazilərdə Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını dalğalandırmasından, Xankəndi şəhərinin mərkəzində etdiyi çıxışından danışıb və Ali Baş Komandanın Xankəndi şəhərindəki çıxışından bu sözləri xatırladıb:” Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.

Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.”

Rayon rəhbəri Qarabağdakı separatçıların keçmiş prezidentlərinin artıq saxlanılaraq Bakıya gətirildiyini, onların illərdir törətdikləri cinayət əməllərinə qanun qarşısında cavab verəcəklərini vurğulayıb.

İcra başçısı respublikamızda, eləcə də rayonumuzda 8 noyabr-Zəfər Gününə gedən hazırlıq işlərindən danışıb, bu il Zəfər Bayramının daha möhtəşəm olacağını vurğulayıb.

İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.

Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Ələsgərli kəndinin 420 hektar ərazisi, 310 təsərrüfatı, 1137 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 mədəniyyət evi, 1 kitabxana, 2 ticarət obyekti, 1 iaşə və 1 məişət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

Sakinlər 386 baş iribuynuzlu, 1205 baş xırdabuynuzlu heyvan, 11854 baş quş, 46 arı ailəsi saxlayırlar.

Son üç ildə Ələsgərli kəndinində ümumi orta məktəbdə elektrik və istilik sistemi təmir edilib,5 ədəd subartezian quyusu istifadəyə verilib, su arxları 6000 m məsafədə lildən təmizlənib, kənd ərazisində 1950 ədəd çəkil və 210 ədəd çinar ağacları əkilib, uçuq vəziyyətdə olan körpü bərpa olunaraq vətəndaşların istifadəsinə verilib,  yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

İcra başçısı sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən Məryəm Hüseynova yeni tikilmiş evinə qaz sayğacının quraşdırılması, Məhəmməd Şirinov suvarma arxlarında bəndlərin bərpası və digər məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər