Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Təbriz Cəfərovun qardaşının toy şənliyində iştirak edib
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid ailələri, Vətən müharibəsi qaziləri və veteranları ilə birlikdə Vətən Müharibəsi şəhidi Cəfərov Təbriz İlqar oğlunun qardaşı Anar Cəfərovun toy şənliyində iştirak edib.
İcra başçısı toy şənliyində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.
Qeyd edək ki, Cəfərov Təbriz İlqar oğlu 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda dünyaya göz açmışdır. Əslən keçmiş Ağdərə rayonunun Kərəmli kəndindəndir. Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Suqovuşan istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Şəhidin nəşi 2021-ci ilin aprel ayının 6-da tapılaraq Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təbriz Cəfərov ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.






