Rayon rəhbəri Vətən müharibəsi şəhidi Qəhramanlı Yaqub Abdulla oğlunun ikinci il dönümü münasibəti ilə ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynov, şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən Müharibəsi şəhidi Qəhramanlı Yaqub Abdulla oğlunun ikinci il dönümü münasibəti ilə şəhidin adına inşa edilmiş bulağı ziyarət edib, önünə gül dəstələri düzüb, məktəblilər Vətənə və şəhidlərə aid şeirlər səsləndiriblər.
Sonra İcra başçısı və qonaqlar şəhidin ailəsini ziyarət edib, qayğıları və problemləri ilə maraqlanıblar.
Görüşdə şəhidin keçdiyi döyüş yolundan danışan rayon rəhbəri onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix yazan torpağı Vətənə çevirən Azərbaycanın Yaqub kimi oğullarının unudulmadığını bildirib.
Qeyd edək ki, şəhid Yaqub Qəhrəmanlı Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. “Yaşat” Fondunun xətti ilə uzun müddət “İstanbul Medicana Hospitalında”, “İstanbul Cərrahiyə xəstəxanası”nda və Dövlət Təhlükəsizliyi Xidmətinin “Hərbi Tibbi Hospital”ında müalicə almasına baxmayaraq onu həyatda saxlamaq mümkün olmayıb. Yaqub Qəhrəmanlı 29.05.2022-ci il tarixdə şəhadətə qovuşub.
Yaqub Qəhrəmanlı 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Yaqub Qəhrəmanlının 2 yaşlı bir oğlu yadigar qalıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.