Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Mirzəli Rəşadın atası Mirzəyev Hafiz Çoban oğlunun 55 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Hacıqərvənd kəndində Vətən Müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun atası Hafiz Mirzəyevi 55 illik yubileyi münasibəti ilə ziyarət edib. Şəhid atasını təbrik edərək ona səmimi arzularını çatdırıb, gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə verib. Ailənin qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhidin valideynlərinə Rəşad kimi igid bir oğul böyütdükləri üçün öz minnətdarlığını bildirib.
Sonra İcra başçısı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirlərin məqsədinin Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mina terroruna son qoyulması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi olduğunu bildirib.
Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.
Qeyd edək ki, Hərbi xidmət zamanı Sülhməramlı Qüvvələrin sırasında 6 ay qulluq etdikdən sonra könüllü olaraq 2014-cü ildən 2015-ci ilə kimi Əfqanıstanda xidmət edib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətə görə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan ona gümüş saat bağışlayıb. Bu, Rəşadın ən çox sevdiyi hədiyyələrdən olub. Özü sağ ikən evlərində şəhidlər guşəsi yaradıb, bəlkə də bir vaxt bu otaqda onun da şəkli qoyulacağı ürəyinə damıb.
Həyatını hərbiyə bağlayıb, Mingəçevir İdman və Turizim kollecinə daxil olsa da gizirlik kursunu keçib, təyinatını N saylı hərbi hissəyə alıb. 2020-ci il 27 sentyabr Vətən müharibəsi başlayanda Murov yüksəkliyi və Talış kəndi uğrunda döyüşlərdə iştirak edib, qolundan yaralansa da döyüş meydanını tərk etməyib, neçə-neçə yaralı dostunu, yoldaşını çiynində daşıyıb. 2020-ci il oktyabrın 3-dən isə şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.