Rayon rəhbəri Vətən Müharibəsi Əlilinin övladının kiçik toy məclisində iştirak edib
Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində Üçüncü dərəcəli Vətən müharibəsi əlili Abbaslı Sadıq Rafayıl oğlunun övladlarının kiçik toy mərasimi keçirilib.
Kiçik toy mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, Vətən Müharibəsi qaziləri, veteranları, kənd sakinlər iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək qazinin övladına xeyir-dua verib, bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu bizim mənəvi borcumuzdur.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş Abbaslı Sadıq Rafayıl oğlu Vətən müharibəsi zamanı Talış-Suqovuşan və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə", “Vətən Müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Vətən müharibəsi əlili onlara göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.