Rayon rəhbəri “Tərtər” sol sahil magistral kanalında aparılan təmir-bərpa işlərlə yerində tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birlikdə “Tərtər” sol sahil magistral kanalında aparılan təmir-bərpa işləri ilə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyyələrini veriblər.
Qeyd edək ki, “Tərtər” sol sahil magistral kanalı 22,4 kilometr uzunluğundadır. Bu kanal saniyədə 20 kub su ötürür. Goranboy, Yevlax, Bərdə və Tərtərin sol sahilində yerləşən kəndlərində, ümumilikdə, 29 min hektar sahənin suvarılmasında mühüm rol oynayır.
Kanalın su mənbəyi Suqovuşan anbarıdır. Birinci Qarabağ müharibəsində Suqovuşan su anbarı işğal altında olduğuna görə, kanala su verilməyib. Aparılan təmir-bərpa işlərinin gələn ilin oktyabrında tamamlanacağı nəzərdə tutulub. Təmir-bərpa işləri başa çatdıqdan sonra kanala yenidən Suqovuşan anbarından suyun verilməsi təmin ediləcək.