Rayon rəhbəri Səhləbad kəndində barama qurdlarının bəslənilməsi vəziyyəti ilə tanış olub
“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2015-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının həyata keçirilməsi istiqamətində rayonumuzda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi üçün 2025-ci ildə barama qurdları saxlanılacaq yerlər və kümçülər müəyyənləşdirilmiş, yem bazasının yaxşılaşdırılması məqsədilə tut tinglərinin becərilməsi davam etdirilmişdir.
Ötən il Tərtər rayonunda 9,3 ton barama istehsal edilib. Bu il isə 11,2 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından 280 qutu barama qurdu gətirilərək kümçülərə təhvil verilib. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səhləbad kəndində barama qurdlarının bəslənilməsi vəziyyəti ilə maraqlanıb. Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbəri kümçülərə müvafiq tapşırıq və tövsiyələr verib.