Rayon rəhbəri şəhid Tural Məmmədlinin anasının 55 illik yubileyini təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Bəyimsarov kəndində yaşayan Vətən müharibəsi şəhidi Tural Məmmədlinin anası Güldanə Məmmədovanı 55 illik yubileyi münasibəti ilə ziyarət edib. Şəhid anasını təbrik edən rayon rəhbəri ona uzun ömür, can sağlığı arzulayıb. Vətənə Tural kimi igid oğul bəxş etdiyi üçün ona öz minnətdarlığını bildirib, şəhid analarının elimizin, obamızın baş tacı, fəxrimiz olduğunu, vətənə layiqli, vətənpərvər oğullar böyütdükləri üçün onların da Vətən qədər əziz olduqlarını vurğulayıb, anaya rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Məmmədli Tural Aqil oğlu 1998-ci il martın 22-də Tərtər rayonunun Bəyimsarov kəndində doğulub, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu kimi Vətən müharibəsində iştirak edib, oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.
Onun nəşi neytral zonada olduğu üçün çətinliklə tapılıb və noyabr ayının 4-də doğulduğu Bəyimsarov kəndində dəfn olunub.
Şəhid Məmmədli Tural Aqil oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhid ailəsinin üzvləri ailəyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentə minnətdarlıqlarını bildiriblər.