Rayon rəhbəri şəhid Taleh Məhərzadənin qardaşının hərbi xidmətə yola salınması üçün təşkil olunan mərasimdə iştirak edib
Tərtər rayonunun Qaynaq kəndində Vətən Müharibəsi şəhidi Məhərzadə Taleh Oktay oğlunun qardaşı Azər Məhərzadənin hərbi xidmətə yola salınması münasibəti ilə mərasim təşkil olunub.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Tərtər Cümə Məscidinin İmamı Sadiq Cəfərov, şəhid ailələri, qazilər, veteranlar və kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edən rayon rəhbəri hərbi xidmətə-Vətən qarşısında öz borclarını verməyə yola salınan bütün çağırışçılara, o cümlədən Azərə təbriklərini çatdırıb, onlara əsgəri xidmətlərini şərəflə yerinə yetirmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə edib.
Qeyd edib ki, bu gün hərbi xidmətə yola salınan gənclər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bir orduda xidmət edəcəklər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində hazırda regionun ən güclü və qüdrətli ordusuna çevrilən Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altındakı torpaqlarımızı mənfur düşməndən azad edib. Hazırda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şərəfli günlərini yaşayan respublikamız dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.
Şəhidin valdeyinləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.