Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid Qubad Hacıyevin anası Hacıyeva Tutubəyimi 60 illik yubileyi münasibəti ilə ziyarət edib

23 sentyabr 2024 | 15:52

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə Tərtər şəhərində Vətən müharibəsi şəhidi Hacıyev Qubad Cəmil oğlunun ailəsini ziyarət edib, anası Hacıyeva Tutubəyimi 60 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.

Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, şəhid Qubad Hacıyev 1988-ci il may ayının 19-da Tərtər şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Qubad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Yevlax rayonunun Nəmirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qubad Hacıyev ölümündən sonra "Vətən uğrunda",  "Laçının azad olunmasına görə", “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə”  medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər