Rayon rəhbəri şəhid qardaşının toy şənliyində iştirak edib
Tərtər rayonunun Kəngərli kəndindən olan Vətən Müharibəsi şəhidi Quluzadə Elmin Şəmsi oğlunun qardaşı Quluzadə Muradın toy mərasimi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon Prokuroru Əli Qurbanov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, , Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranları iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy şənliyində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Quluzadə Elmin Şəmsi oğlu 1998-ci il oktyabrın 23-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Oktyabrın 17-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Yaşadığı Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Şəhid Quluzadə Elmin 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.