Rayon rəhbəri şəhid övladının toy şənliyində iştirak edib
Tərtər rayonunun Poladlı kəndindən olan Birinci Qarabağ Müharibəsi şəhidi Salahov Nizami Xansuvar oğlunun övladı Salahlı Nurəddinin toy şənliyi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon Polis şöbəsinin rəisi Elçin Qasımov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranları iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy şənliyində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.
Qeyd edək ki, Salahov Nizami Xansuvar oğlu 1964-cü il noyabr ayının 13-də Tərtər rayonunun Poladlı kəndində anadan olmuşdur. Orta təhsilini Mamırlı kənd orta məktəbində aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Qarabağ uğrunda müharibə başlayan vaxt Tərtər rayonunun Mamırlı kolxozunda kolxozçu işləmişdir. 1993-cü ilin noyabr ayında Tərtər rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini N saylı hərbi hissədə keçirmiş və Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak etmişdir. 27 aprel 1994-cü il tarixdə Ağdərə rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Evli idi. Aygün, Laləzər adlı iki qızı və Nurəddin adlı bir oğlu var. Poladlı kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.