Rayon rəhbəri şəhid Məmmədov Talehin atası Arif Məmmədovu 65 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Hüsənli kəndində şəhid Məmmədov Taleh Arif oğlunun atası Arif Məmmədovu 65 illik yubileyi münasibəti ilə ziyarət edərək, onu təbrik edib, səmimi arzularını çatdırıb. Şəhid ailəsinin qayğıları ilə maraqlanan rayon rəhbəri bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
Qeyd edək ki, şəhid Taleh Məmmədov 1999-cu il yanvarın 16-da rayonun Hüsənli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, sentyabrın 30-da düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Taleh ölümündən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.