Rayon rəhbəri şəhid Hüseynov Aslan Malik oğlunun ailəsi ilə görüşüb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon prokuroru Əli Qurbanov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaradağlı kəndində şəhid Hüseynov Aslan Malik oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib.
İcra başçısı qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
Qeyd edək ki, Hüseynov Aslan Malik oğlu 1985-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Hərbi xidmətdən sonra yenidən Azərbaycan ordusuna qayıdıb, gizir kimi xidmət edib və həmişə öndə gedən döyüşçülərdən olub. O, 2016-ci il aprel döyüşlərində də iştirak edib, düşmənin iki tankını və yük avtomobilini dəqiq artileriya atəşi ilə vuraraq məhv edib. Döyüşlərdə “Şücaətə görə” medalı ilə təltif olunub.
Vətən müharibəsində Aslan Hüseynov 10 oktyabr tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci tarixli Sərəncamı ilə o “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Aslan Hüseynova sağlığında isə “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun 100 illiyinə görə” medalları da verilib.
Şəhidin adının əbədiləşdirilməsi üçün şəhərdə küçələrdən birinə onun adı verilib, doğulduğu kənddə isə adına bulaq inşa edilib. Şəhidin özündən sonra 2 övladı yadigar qalıb.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.