Rayon rəhbəri şəhid Babazadə Mirşəmsi Elşad oğlunun ailəsi ilə görüşüb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şuralarının sədrlərilə birlikdə rayonun Mamırlı kəndində şəhid Babazadə Mirşəmsi Elşad oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib.
İcra başçısı qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
Qeyd edək ki, Babazadə Mirşəmsi Elşad oğlu 1996-ci il yanvar ayının 20-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də ərazilərimizin işğaldan azad olunması və torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində sentyabrın 30-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci tarixli Sərəncamı ilə o “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.