Rayon rəhbəri şəhid atasının yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Birinci Qarabağ Müharibəsi şəhidi Əhmədov Şamil İsmayıl oğlunun atası İsmayıl Əhmədovun yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, Şəhid Əhmədov Şamil İsmayıl oğlu 1973-cü il yanvar ayının 7-də Tərtər rayonunun Düyərli kəndində anadan olmuşdur. Orta təhsili Səhləbad kənd orta məktəbində aldıqdan sonra 1991-ci ilin may ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Həmin dövrdə Sovetlər İttifaqı dağıldığına görə o, həqiqi hərbi xidmətini başa çatdırmamış Vətənə qayıtmışdır. Tərtər rayon hərbi komissarlığı həqiqi hərbi xidmətini başa çatdırmaq üçün onu yenidən 1992-ci ilin avqust ayında Milli Ordu sıralarına hərbi xidmətə göndərmişdir. 703 saylı hərbi hissədə xidmət etməklə o, Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan bütün döyüşlərdə iştirak etmiş və dəfələrlə yaralanmasına baxmayaraq tam sağalmamış belə yenidən döyüşlərə atılmışdır. 27 dekabr 1993-cü ildə Ağdərə bölgəsində Madagiz kəndi ətrafında gedən döyüşdə şəhid olub.
Subay idi. Səhləbad kənd qəbiristanlığında dəfn edilib.
Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.