Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri şəhid atası Mənsim Allahverdiyevin yas mərasimində iştirak edib

04 iyun 2025 | 14:20

Tərtər rayonunun Sarov kəndində Birinci Qarabağ müharibəsi şəhidi "Azərbaycan Bayrağı" ordenli Şahlar Allahverdiyevin atası Mənsim Allahverdiyevin yeddi mərasimi keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı veriblər.

Allahverdiyev Şahlar Mənsim 1964-cü il iyul ayının 19-da Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1982-ci ilin oktyabr ayında Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. 1984-cü ilin oktyabr ayınadək Almaniyada yerləşən hərbi hissədə mina təmizləyən kimi xidmət etmişdir. Hərbi xidmətdən doğma kəndlərinə qayıtdıqdan sonra yaşadığı Azərbaycan kolxozunda kolxozçu işləmişdir. 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuşdur. Qarabağ uğrunda gedən müharibə onun qəlbini bürüdü və o, 1992-ci ilin may ayından kö- nüllü olaraq "Tərtər özünümüdafiə batalyonu”na daxil olmuşdur. Həmin vaxt o, 703 saylı hərbi hissəyə mühəndis istehkam xidmətinə zabit kimi qəbul edildi. Bu hərbi hissədə xidmət etdiyi müddətdə Ağdərənin Marquşavan, Vǝng, Drombon, Çıldı- ran, Umudlu, Mehmana kəndlərində gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin dekabr ayında Müdafiə Nazirliyinin əmri ilə baş leytenant kimi 190 saylı hərbi hissənin mühəndis-istehkam xidməti rəisi təyin olunmuşdu. Bu xidməti ərzində o, yüzlərlə mina zərərsizləşdirmişdir. 1994-cü ilin aprel ayının 13-də Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşdə həlak olmuşdur.

Subay idi. Sarov kənd qəbiristanlığında dəfn olunub.

Ölümündən sonra təhsil aldığı AKTA-nın binası qarşısında büstü qoyulmuşdur.

Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər