Rayon rəhbəri şəhid atası Əhliyət Xudabəndəyevi 85 illik yubileyi münasibəti ilə təbrik edib
“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Dəmirçilər kəndində şəhid Rzayev Fikrət Əhliyət oğlunun ailəsində olub, atası Əhliyət Xudabəndəyevi 85 illik yubileyi münasibəti ilə təbrik edərək, ona rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, Şəhid Rzayev Fikrət Əhliyət oğlu 1972-ci il avqust ayının 30-da Kəlbəcər rayonunun Şurtan kəndində anadan olub. Sonralar ailələri ilə birlikdə Tərtər rayonunun Dəmirçilər kəndinə köçüblər. Həmin kəndin orta məktəbində natamam orta təhsil aldıqdan sonra 183 nömrəli Texniki Peşə Məktəbində təhsil alıb. 1990-cı ilin noyabr ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. SSRİ dağıldıqdan sonra keçmiş Sovet Ordusu sıralarından vaxtından əvvəl gələrək “Tərtər özünümüdafiə batalyonu”nda hərbi xidmətini davam etdirib. Bu batalyonun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il avqust ayının 28-də keçmiş Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Həmin il oktyabr ayının 22-də bu ərazi ermənilərdən təmizləndikdə onun cəsədi tapılıb doğma kəndə gətirilib torpağa tapşırılıb. Subay idi. Dəmirçilər kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.