Rayon rəhbəri şəhid anası Tərdcə Nəcəfovanı 85 illik yubileyi münasibəti ilə təbrik edib
“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Bəyimsarov kəndində birinci Qarabağ Müharibəsi şəhidi Novruz Nəcəfovun ailəsində olub, anası Nəcəfova Tərdcə Məmmədəli qızını 85 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, şəhid Nəcəfov Novruz Ələsdan oğlu 1975-ci il fevral ayının 7-də Ermənistan Respublikasının Vardanes rayonunun Qaraqoyunlu kəndində anadan olmuşdur. 1988-ci ildən Ermənistan Respublikasından azərbaycanlılar məcburi surətdə qovularkən o, valideynləri ilə birlikdə Tərtər rayonuna gəlib Bəyimsarov kəndində məskunlaşmışdır. Həmin kənd orta məktəbində orta təhsilini başa vurduqdan sonra 1993-cü il aprel ayının 16-da rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. Xidmət etdiyi N saylı hərbi hissənin tərkibində Füzuli bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 18-də Füzuli rayonu ərazisində gedən döyüşdə şəhid olmuşdur.
Subay idi. Bəyimsarov kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.