Rayon rəhbəri şəhid anası Rəsmiyyə Məmmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qaradağlı kəndində Vətən Müharibəsi şəhidi Sənan Məmmədlinin ailəsində olub, anası Məmmədova Rəsmiyyə Sədaqət qızını 55 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Sənan Məmmədli 1997-ci il sentyabr ayının 14-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.
Azərbaycan Ordusunun leytenantı olan Sənan Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Məmmədli oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Sənan Məmmədli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.