Rayon rəhbəri şəhid anası Elza Məhərrəmovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Vətən Müharibəsi şəhidi Hacızadə Ceyhun İfrayıl oğlunun atası İfrayıl Hacıyev və anası Qətibə Hacıyeva ilə birlikdə Evoğlu kəndində Vətən Müharibəsi şəhidi Fuad Məhərrəmlinin ailəsində olub, anası Məhərrəmova Elza Yunis qızını 55 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, Fuad Məhərrəmli 1994-cü il noyabrın 28-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 12-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə şəhid olub. Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Fuad Məhərrəmli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.