Rayon rəhbəri şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olub
2023-ci ilin ilk ayından başlayaraq Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
Şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə küçələrində aparılan abadlıq işləri artıq başa çatıb. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, səkilərə asfalt döşənib, yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınıb. Küçələrlə yanaşı üzun İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına parkda da aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə tamet daşları və bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar təmir olunub, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın istinad divarları aqlay daşları ilə üzlənib, mühəccərlər təmir olunaraq rənglənib, insanların istirahəti üçün şərait yaradılıb.
Hazırda isə şəhərin Mahir Əsədov, Rasim Mürsəlov və Eldar Məmmədov küçələrində köhnəlmiş, yararsız səki bardyorları götürülərək yeniləri ilə əvəz olunur. Bardyorların arxasına münbit torpaq qatı tökülərək yaşıllıq zolağı yaradılır. Səkilər yeni asfalt örtüyünün salınması üçün hazırlanır. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır. Bununla yanaşı Qənbər Qənbərli, Sənan Məmmədov, Azər Şəmilov küçələrində də istinad divarları hörülüb hündürləşdirilir, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, təmizlik işləri aparılır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhərin küçələrdə aparılan abadlıq-quruculuq işləri ilə tanış olub, aidiyyəti üzrə əlaqədar şəxslərə tapşırıq və tövsiyyələrini verib, sakinlərlə görüşüb.
Tərtərlilər şəhərdə aparılan abadlıq-quruculuq işlərinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.