Rayon rəhbəri Şanlı Zəfər Günü ilə əlaqədar şəhid Təbriz Cəfərovun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə Şanlı Zəfər Günü ilə əlaqədar rayonun Çardaxlı kəndindən olan, ailəsi Bərdə şəhərində yaşayan şəhid Cəfərov Təbriz İlqar oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb, Azərbaycan Ordusunun Təbriz kimi şəhid oğullarımızın qisasını aldığını bildirib.
Rayon rəhbəri qeyd edib ki, şəhidlərimiz bizim qürur yerimiz, and yerimizdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, “Yaşat” fondu onların problemlərinə daim diqqət və qayğı ilə yanaşır, köməklik göstərirlər. Dövlət rəhbəri hər kəsdən şəhid və qazi ailələrinə yüksək səviyyədə diqqət və qayğı göstərməyi tələb edir.
Sonra icra başçısı şəhidin ailə üzvləri ilə birgə onun döyüş yoluna nəzər salıb.
Təbriz Cəfərov 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda dünyaya göz açıb.
Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub və Suqovuşan istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Şəhidin nəşi 2021-ci ilin aprel ayının 6-da tapılaraq Bərdə şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Təbriz Cəfərov ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medallarıı ilə təltif edilib.
Şəhid Cəfərov Təbriz İlqar oğlunun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!