Rayon rəhbəri müəllim işləyən şəhid valdeyinlərini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllim işləyən şəhid valideynləri- Vətən Müharibəsi Qəhrəmanı şəhid Əliyev Anar Vaqif oğlunun atası Əliyev Vaqif İsmayıl oğlunu və anası Əliyeva Səkinə Əmiraslan qızını telefonla zəng edərək təbrik edib, şəhid Hacıyev Qubad Cəmil oğlunun atası Hacıyev Cəmil Cabbar oğlunun, şəhid Mirzəli Rəşad Hafiz oğlunun anası Mirzəyeva Afidə Yunis qızının, şəhid Orucov Pərviz Novruz oğlunun anası Orucova Dilruba Nadir qızının isə evlərinə gedərək peşə bayramlarını təbrik edib, onlara gənclərin təlim-tərbiyəsində müvəffəqiyyətlər arzulayıb.
Qeyd edib ki, müəllim ustaddır, öyrədəndir. Hər birimizdə müəllimin bir zərrəsi var. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, - deyən Ümummilli lider Heydər Əliyev müəllimin əməyini həmişə yüksək qiymətləndirib, təhsil işçilərinin maddi rifah halının yaxşılaşdırılmasının həmişə qayğısına qalıb. Bu gün bu qayğı ölkə rəhbəri və Birinci vitse-prezident tərəfindən davam etdirilir. Rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə, müəllimlərin sosial durumunun yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə göstərdikləri diqqət və qayğını dilə gətirib. Bildirib ki, təhsildə əldə olunan yeniliklər Azərbaycan eliminin dünyaya inteqrasiya sürətini artırıb.
Sonra icra başçısı müəllim işləyən şəhid valdeyinlərinə rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərman və gül buketi təqdim edib. Onların övladlarının Vətən yolunda şəhid olduqlarını, şəhidlərin isə Tanrı dərgahında ayrıca yeri olduğunu bildirərək, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizə rəhmət diləyib.
Şəhid valdeynləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.