Rayon rəhbəri Milli Məclisin deputatı və şəhid Məftun Əhmədzadənin ailə üzvləri ilə birlikdə onun adını daşıyan küçədə olublar
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev, YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid Məftun Əhmədzadənin ailə üzvləri, şəhid ailələri, qazilər və veteranlarla birlikdə Tərtər şəhərində onun adını daşıyan küçədə olublar.
Şəhidin adını daşıyan küçədə abadlıq işləri aparılıb, kommunikasiya xətləri səliqəyə salınıb, asfalt döşənib, küçənin girişində Məftun Əlizadənin baralyefi quraşdırılıb.
İcra başçısı bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimiz bizim üçün əzizdir, onların xatirəsi əbədiləşdirilir, adlarına küçələr, məktəblər, sinif otaqları verilir, bulaqlar tikilir. Tərtər şəhərində 32 küçəyə şəhid adı verilib və 15 küçənin girişində onların baralyefi qoyulub. Şəhidlərin adlarını əbədiləşdirməklə onların ailəsinə mənəvi dəstək olmağa calışırıq.
Qeyd edək ki, Əhmədzadə Məftun Seymur oğlu 1996-ci il Fevral ayının 2-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Məftun Əhmədzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində 18 ay sıravi əsgər kimi hərbi xidmət edib. Sonra "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına başlayıb. Kursları bitirən Məftun Əhmədzadə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirib.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş verib. Döyüşlərdə Quru Qoşunlarının hərbçisi olaraq iştirak edən Məftun Əhmədzadə 13 sentyabr 2022-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 16 sentyabr 2022-ci ildə nəşi evinə gətirilərək doğulduğu Tərtər rayonunun Evoğlu kəndində dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Məftun Əhmədzadə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Milli Məclisin deputatı Sahib Alıyev şəhidin valideynlərinə Vətənə layiqli övlad böyütdükləri üçün öz təşəkkürünü bildirib, Məftunun xatirəsinin həmişə qəlblərdə yaşayacağını vurğulayıb.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.