Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə şəhid Vəli Abbasovun ailəsini ziyarət edib
“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaradağlı kəndində evi yanmış şəhid ailəsi İsmayılova Sevda Gəray qızının ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
İsmayılova Sevda Gəray qızı Birinci Qarabağ müharibəsi şəhidi Abbasov Vəli Tapdıq oğlunun həyat yoldaşıdır. Şəhid Vəli Abbasov 07 noyabr 1961-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına daxil olub. 1992-ci il aprel ayının 10-da Ağdərə rayonunun Şıxarx qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Ailəli idi Tapdıq və Rafiq adlı iki oğlu var. Qaradağlı kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, evləri yandığı üçün rayon icra hakimiyyəti tərəfindən şəhid ailəsinə 650 ədə mişar daşı, 20 kisə sement, 6 kub şebel, 6 kub qum və 500 manat maddi yardım verilmişdir. Fərdi yaşayış evi PAŞA Sığorta şirkəti tərəfindən sığorta olunduğu üçün vətəndaşa dəymiş ziyanı qarşılamaq üçün müvafiq köməklik olunacaq.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.